UEFA Çempionlar liqasında qrup mərhələsinin 5-ci oyunları başlanır. Diqqət çəkən qarşılaşmalardan biri H qrupunda keçiriləcək. “Benfika” Lissabonda “Yuventus”u qəbul edəcək. Turində təşkil olunan ilk görüşdə Portuqaliya klubu 2:1 hesabilə qalib gəlmişdi. Hazırda “Benfika” 8 xalla 2-ci pillədə qərarlaşıb. İtaliya təmsilçisinin hesabında isə 3 xal var. Bu oyuna komandalar bir sıra itkilərlə çıxacaqlar. “Benfika”nın heyətində Yulian Draksler və Morato meydanda olmayacaqlar. “Yuventus” isə Anxel di Maria, Bremer, Mattiya de Şilyo, Leandro Paredesin xidmətindən yararlana bilməyəcək. “Benfika”nın baş məşqçisi Rocer Şmidt jurnalistlərə açıqlamasında oyundan gözləntilərini və rəqibin hazırkı vəziyyətini dəyərləndirib: “Qrupdakı vəziyyətimiz qənaətbəxşdir. 2 qarşılaşmada qazanılacaq 1 xal bizim pley-offa yüksəlməyimizə kifayət edir. Lakin hər oyuna olduğu kimi bu dəfə də meydana yalnız qələbə üçün çıxacağıq. Yuventus yaxşı dövr keçirməsə də güclü futbolçulara və ənənəyə sahibdir. Rəqibin zəif cəhətlərindən istifadə etməyə çalışmalıyıq”.
“Yuventus”a rəhbərlik edən Massimiliano Alleqri isə komandasına inanır. Onun fikrincə, qrupun taleyi hələ həll olunmayıb: “Vacib görüşə çıxacağıq. Gözəl oyun göstərərək qalib gəlmək niyyətindəyik. Səhv etməyə haqqımız yoxdur. “Benfika”nın potensialına bələdik. İstənilən matçda fərq yarada biləcək futbolçuları var. Qarşıda bizi 2 qarşılaşma və 6 xal gözləyir. Düşünürəm ki, hər şey bizim üçün yaxşı olacaq”.
Qeyd edək ki, “Benfika” – “Yuventus” matçı bu gün Bakı vaxtilə saat 23:00-də başlanacaq. Oyunu Srdjan Yovanoviçin başçılığı altında serbiyalı hakimlər briqadası idarə edəcək.